Cəbrayıl rayonunda “Korrupsiyaya birlikdə yox deyək” mövzusunda tədbir keçirilib
21 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2.-ci bəndlərinin icrası ilə əlaqədar “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə “Korrupsiyaya birlikdə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri və tibb işçiləri iştirak ediblər.
Çıxış edənlər “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində rayonda görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Tarix boyu cəmiyyətin üzləşdiyi problemlərdən biri olan korrupsiya bu gün də bütün dünya ölkələrində aktual problem olaraq qalır. Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya halları sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Natiqlər vurğulayıblar ki, korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılması ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Elə bunun nəticəsidir ki, ölkəmizdə insanların sosial rifahının və vətəndaş məmnunluğunun artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sistemi gündən-günə gücləndirilir. Qeyd olunub ki, dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi ictimaiyyətin dəstəyi olmadan mümkün deyildir. Odur ki, cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq.