Cəbrayıl rayonunda Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib
12 noyabr 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Konstitusiya gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, İcra Hakimiyyətinin məsul işçiləri, Hüquq-mühafizə orqanlarının, idarə, müəssisələrin və təşkilatlarının əməkdaşları iştirak ediblər.
Milli Konstitusiyamızın müəllifi, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər bildiriblər ki, bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minmişdir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindəndir. Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyişikliklər edilib. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılmışdır. Qürurverici haldır ki, qalib xalqımız Əsas Qanunun qəbulunun 31-ci ildönümünü üçqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində şanlı Zəfərin qazanılması, lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan Qələbə sayəsində Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə imkan yaratmışdır.
Natiqlər eyni zamanda Müzəffər Ali baş Komandandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazanılan Şanlı Qələbənin tarixi əhəmiyyətindən, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasından, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının əhəmiyyətindən söhbət açılıblar.






