Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Kitabsız bir ömrün nə mənası var” mövzusunda görüş keçirilib

23 aprel 2026 | 16:34

      23 aprel 2026-cı il tarixdə rayon İcra Hakimiyyətinin və Mərkəzi Kitabxana Sisteminin təşkilatçılığı ilə “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Kitabsız bir ömrün nə mənası var” mövzusunda Cəbrayıllı yazarlarla görüş keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Aslanxanlı, şair Kamal Fərhad, Mərkəzi Kitabxana sisteminin əməkdaşları, məktəblilər iştirak ediblər.
     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin və dünyadan köçən ədiblərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün tarixi və əhəmiyyətindən geniş söhbət açaraq, tədbirin aktuallığından danışıblar. Bildirilib ki, bu əlamətdar gün YUNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib, biliklərin yayılması və qorunması üçün kitabların və maarifləndirmənin ən böyük vasitə və ən etibarlı üsul olmasına xidmət edir. Bütün dünya dövlətlərində olduğu kimi ölkəmizdə də 1997-ci ildən başlayaraq, 29 ildir ki, Kitab və Müəlliflik hüququ bayramını qeyd edilir. Kitabların insan həyatındakı əhəmiyyətindən danışan natiqlər vurğulayıblar ki, keçirilən belə tədbirlər müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək və əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı diqqətə çatdırmaqdır. Tədbir çərçivəsində şairlərin ömür yollarına nəzər salınıb, uğurları dilə gətirilib, yaradıcılıqlarından söhbət açılıb, şeirləri dinlənilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Keçidlər