Cəbrayıl rayonunda Kənd təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib
01 noyabr 2024-cü il tarixdə Cəbrayıl rayonunda Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Rayon İcra Hakimiyyətinin və inzibati ərazi dairələri üzrə nümayədəliklərin məsul şəxsləri, rayon Aqrar İnkişaf Mərkəzinin əməkdaşları və qabaqcıl kənd təsərrüfatı işçiləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə mədəniyyət və istirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov kənd təsərrüfatı işçilərini təbrik edərək, onlara çətin və şərəfli işlərində uğurlar diləyib. İcra başçısı kənd təsərrüfatı işçilərinin əməyinə yüksək qiymət verdiyinə görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edərək bu bayram gününü dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib. Bu gün artıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bütün sahələrdə olduğu kimi kənd təsərrüfatının bərpası və inkişafı istiqamətində də geniş miqyaslı işlər görüldüyünü vurğulayan rayon rəhbəri həmin ərazilərdə dağıdılaraq məhv edilmiş aqrar fəaliyyətin yenidən bərpası və inkişafında kənd təsərrüfatı işçilərinin üzərinə mühüm vəzifələr düşdüyünü bildirib.
Tədbirin gedişində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənovun rayon DAİM-nə ünvanladığı təbrik məktubu oxunmuş, Mərkəzin direktoru Şahin Şirinova kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə, aqrar sahənin inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramının rayonda icrasının təşkilində göstərdiyi xidmətlərinə və səmərləri fəaliyyətinə görə rayon icra hakimiyyətinin Fəxri Fərman təqdim olunmuşdur. Eyni zamanda cari təsərrüfat ilində rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yüksək nəticə qazanmış 15 nəfər qabaqcıl təsərrüfatçıya DAİM-in Təşəkürnamələri tədqim olunmuşdur.
Tədbirin sonunda Rayon Aqrar İnkişaf Mərkəzinin direktoru Şahin Şirinov çıxış edərək, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.