Cəbrayıl rayonunda “Kəlağayı yaşıl dünyaya töhfədir” mövzusunda tədbir keçirilib
26 noyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbində “26 noyabr – Azərbaycan Kəlağayısı Günü” münasibətilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Kəlağayı yaşıl dünyaya töhfədir” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, məktəbin direktoru Arifə Əhmədova, müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görülən işlərdən, keçirilən tədbirlərdən söhbət açaraq bildiriblər ki, ana təbiət və min illərin yadigarı, qadınlarımızın baş örtüyü, gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olan kəlağayımız həyat tərzimizlə bir harmoniya təşkil edir. Kəlağayı təbiətin, mənəviyyatımızın, adət-ənənələrimizin ayrılmaz bir hissəsinə çevrilib. Kəlağayının al-əlvan rəngləri, üzərinə vurulan naxış və ornamentlər buna əyani sübutdur, keçmişimizlə bu günümüz arasında zərif ipək körpüdür. Milli kimliyimizi təcəssüm etdirən hər naxış, ornament tariximizi, milli ruhumuzu yaşadan tarixi yaddaşdır. Yaşıl dünyanı əks etdirən kəlağayı naxışlarının rəng və məna dünyası xalqımızın dünyagörüşünü özündə ehtiva edir. Natiqlər dövlətimizin tariximizə, mədəniyyətimizə qayğısından, xüsusən də milli-mənəvi irsimizin qorunub saxlanması istiqamətində Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın əməyini xüsusi vurğulayıblar. Qeyd olunub ki, Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Tədbir şagirdlərin ifasında bir-birindən maraqlı, rəngarəng təbiətə həsr olunmuş şerlərlə davam etdirilib.