Cəbrayıl rayonunda “İlham Əliyev siyasəti Azərbaycanı böyük tarixi uğurlara aparır” mövzusunda tədbir keçirilib
23 dekabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon İcra Hakimiyyətinin və Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə rayonun Mərkəzi Kitabxanasında “İlham Əliyev siyasəti Azərbaycanı böyük tarixi uğurlara aparır” mövzusunda dəyirmi masa təşkil edilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, Mərkəzləşdirilmiş Kitabxana Sistemin direktoru Vasif Quliyev və mədəniyyət işçiləri iştirak ediblər.
Tədbirə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Çıxış edənlər 2003-cü ildən başlayaraq 22 il ərzində İlham Əliyev siyasətinin Azərbaycanı yenilməz, məğlubedilməz, davamlı olaraq güclənən və çiçəklənən, vətəndaşlarına qürur və fəxarət yaşadan ölkəyə çevrilməsindən geniş söhbət açıblar. Bildirilib ki, Ulu öndər Heydər Əliyevin milli dövlətçilik kursuna, azərbaycançılıq ideologiyasına, türk dünyası ilə bütövləşmə strategiyasına sadiq olan İlham Əliyev bu siyasi kursu heç kimin proqnozlaşdıra bilmədiyi novatorluqla davam etdirir. O müasir dünyanın siyasi mədəniyyətində öz dəst-xəttini, özünəməxsus “İlham Əliyev üslubunu” yaradıb. Beynəlxalq siyasi münasibətlərdə ədalət və konstruktivlik, iqtisadi əməkdaşlıqda rasionallıq və qarşılıqlı fayda, mədəni-humanitar əlaqələrdə səmimiyyət, açıqlıq və bəşərilik prinsiplərinə həmişə sadiq qalan Azərbaycan İlham Əliyevin şəxsində dünya birliyinin etibarlı tərəfdaşına çevrilib. Xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlər, qazandırdığı əfsanəvi nailiyyətlər, on milyonlarla soydaşımıza yaşatdığı Zəfər qüruru və milli şərəf Müzəffər Ali Baş Komandanı bütün dünya Azərbaycanlılarının sevimlisinə çevirib və qürur hissi ilə vurğulanıb ki, İlham Əliyev siyasəti Azərbaycanı böyük tarixi uğurlara aparır.






