Cəbrayıl rayonunda ictimai fəal qadınlarla görüş keçirilib
Cəbrayıl rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş, Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar rayonun ictimai həyatında fəal rol oynayan, müxtəlif sahələrdə çalışan qadınların iştirakı ilə tədbir keçirilib. Tədbirə Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb. Çıxış edənlər müstəqil Azərbaycan qadınlarının ictimai-siyasi həyatında dönüş mərhələsinin başlanğıcı olan Ümummilli Lider Heydər Əliyevin iştirakçısı və təşəbbüsçüsü olduğu Azərbaycan Qadınlarının I Qurultayından söhbət açaraq qeyd ediblər ki, bu Qurultayla Azərbaycan Qadınları müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar. Bu il bu tarixi hadisədən artıq 25 il ötür. Azərbaycan Qadınlarının bugünkü nailiyyətlərinin əsası məhz 1998-ci ildə qoyulub. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların durumunu, mövqeyini gücləndirmək üçün ölkə tarixində ilk dəfə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Eyni zamanda tədbirdə gender məsələlərindən, qadın hüquqlarının həyata keçirilməsi ilə bağlı çağırışlardan və bu kimi bir neçə aktual mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıların təklifləri dinlənilib.