Cəbrayıl rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil edilib
16 noyabr 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, rayon İH aparatının məsul əməkdaşları, rayon Məhkəməsinin böyük məsləhətçisi Asəf Əliyev, İcra və probasiya şöbəsinin rəisi Rövşən Əliyev, rayon Prokurorluğunun müstəntiqi, 3-cü dərəcəli hüquqşünas Ələkbər Poladov, Rayon Polis şöbəsinin Kriminalistik təhqiqatlar qrupunun kriminalisti, polis polkovnik leytenantı Fariz Misirov, İctimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Xəqani Məhərrəmov, idarə və müəssisələrin rəhbərləri, YAP fəalları, ziyalılar iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər müstəqil Azərbaycanda Ümummilli Lider Heydər Əliyevin demokratik cəmiyyət və hüquqi dövlətin ən vacib atributlarından olan insan hüquq və azadlıqlarının müdafiəsi üçün tarixi xidmətləri və demokratik hüquqi dövlət quruculuğunda dövlətçilik strategiyasının prioritet istiqamətləri barədə geniş məlumat veriblər. Bildiriblər ki, Azərbaycanda hüquqi dövlət quruculuğu Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir hüquq sisteminin qurulması və inkişaf etdirilməsi Ulu Öndərin dövlətçilik konsepsiyasında xüsusi və mərkəzi yer tuturdu. Ümummilli Lider Heydər Əliyev ölkədə hüquqi dövlətə xas olan qanunçuluğun, ədalət və hüquq qaydasının təmin olunması sahəsində qətiyyətli və cəsarətli addımlar atdı, gələcəyə hesablanan ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirdi. Demokratik hüquqi dövlət quruculuğunda Ulu Öndər Heydər Əliyevin ən böyük əməyi müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanması və qəbul edilməsi oldu. Ümummilli Liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil dövlətimizin Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu.
Vurğulanıb ki, demokratik dəyərləri üstün tutan, haqq və ədalətin bərqərar olunduğu dövlət qurmaq istəyən hər bir ölkə, hər bir xalq üçün Konstitusiya birinci dərəcəli əhəmiyyət daşıyır. Dahi Öndərin bilavasitə rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanmış Konstitusiya tarixi əhəmiyyətə malik sənəd kimi ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarına lazımi təminatlar yaratmaqla hüquqi dövlət quruculuğunun möhkəm təməlini qoydu.
Qeyd olunub ki, Ümummilli Liderin başladığı köklü islahatların nəticəsində müasir Azərbaycan hüquq sisteminin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbir “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda videoçarxla davam etdirilib.