Cəbrayıl rayonunda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib
02 fevral 2023-cü il tarixdə X.Rüstəmov adına Y.Mərcanlı kənd tam orta məktəbində “Heydər Əliyev ili” çərçivəsində, “Gənclər günü” münasibətilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, SHXÇDX-nin Cəbrayıl rayon şöbəsinin və Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, SHXÇDX-nin Cəbrayıl rayon şöbəsinin rəisi Anar Rəhimov, Təhsil sektorunun müdiri Zamiq Qurbanov, YAP rayon təşkilatının fəalları, QHT üzvləri, qazilər və gənclər iştirak ediblər.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Çıxış edənlər bu əlamətdar tarixi günün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd ediblər. Natiqlər bildiriblər ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab etmişdir. Ümummilli liderimiz də həmişə xalqına arxalanıb, onun gəncliyinə böyük ümidlər bəsləyib. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində də ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkədə yaratdığı ilk Mərkəzi icra hakimiyyəti orqanlarından birinin məhz Gənclər və İdman Nazirliyi olduğu vurğulandı. Qeyd edildi ki, Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Gənclər üçün çoxsaylı layihələr icra olunub və bu layihələrin hər birinin ana xəttində isə azərbaycançılıq məfkurəsi dayanıb. Həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, əsasən gənclərdən ibarət olan müzəffər ordumuz cəmi 44 günlük Vətən müharibəsində igidlik, şücaət göstərərək tarixi torpaqlarımızı düşməndən azad edib.
Tam inamla demək olar ki, Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq. Bu yolda gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”- sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.