Cəbrayıl rayonunda “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib
01 avqust 2023-cü il tarixdə “Heydər Əliyev İli” çərçivəsində 1 saylı Cəbrayıl qəsəbəsində fəaliyyət göstərən rayonun 8 saylı tam orta məktəbində Azərbaycan Əlifbası və Azərbaycan Dili gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Tapdıq Nəsirov, rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, İcra Hakimiyyətinin məsul əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini müvəqqəti icra edən Tapdıq Nəsirov çıxış edərək ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, respublikamızın hər yerində olduğu kimi, Cəbrayıl rayonunda da silsilə tədbirlər keçirildiyini qeyd edib. Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının xilaskarı, həyatını xalqının və dövlətinin işıqlı gələcəyinə həsr edən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda keçirilən tədbirin də həmin tədbirlərin davamı olduğunu diqqətə çatdırıb.
T.Nəsirov bildirib ki, Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ulu öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib. Ümummilli liderin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanı Azərbaycan dilinə, onun inkişafına dövlət qayğısının ən bariz nümunəsidir. Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.
Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan xalqı tərəfindən minnətdarlıqla qarşılanır və dilimizin bundan sonra da qorunması və inkişaf etdirilməsi sahəsində işlərin davam etdiriləcəyinə əminlik yaradır.
Təbdirdə Cəbrayıl rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, 8 saylı tam orta məktəbin direktoru Üfət Həsənov, Azərbaycan dili və ədəbiyyatı müəllimləri Zaur Vəliyev və Əlqəm Şahverənov çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyev cənablarının doğma ana dilimizə, milli adət-ənənələrimizə göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.
Sonda Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi sahəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edən videoçarx nümayiş olunmuş, məktəblilərin ifasında doğma ana dilimizə həsr olunmuş şerlər səsləndirilmişdir.