Cəbrayıl rayonunda “Gənc dost, unutma! Narkomanlıq uçuruma aparan yoldur!” adlı tədbir keçirilib
27 fevral 2024-cü il tarixdə rayon İcra Hakimiyyətinin, rayon Polis şöbəsinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə 9 saylı tam orta məktəbdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.11-ci və 4.4.16-cı bəndlərinin icrasının təmin edilməsi məqsədilə “Gənc dost, unutma! Narkomanlıq uçuruma aparan yoldur!” adlı tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai şuranın sədri Zaur Vəliyev, İTB-nin YYC-la profilaktiki işin təşkili üzrə inspektoru Novruz Novruzlu, Təhsil sektorunun aparıcı məsləhətçisi Ağabala Əliyev, Mərkəzi Xəstəxananın həkimi Kənan Behbudov, Cocuq Mərcanlı kənd məscidinin Axundu Elman Piriyev, səhiyyə işçiləri, məktəbin psixoloqu, müəllim və şagirdlər iştirak ediblər.
Çıxış edənlər narkomaniya, onun fəsadları, insan orqanizminə mənfi təsirindən geniş söhbət açaraq yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin sağlam, vətənpərvər ruhda böyüməsi, inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramı haqqında ətraflı məlumat veriblər. Eyni zamanda gənclərin sağlamlığının qorunması istiqamətində tövsiyələrini bölüşüb fikir və təkliflərini səsləndiriblər. Bildirilib ki, narkotikdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Həmçinin Azərbaycan Respublikasının ərazisində narkotik tərkibli yabanı bitkilərin morfoloji görkəmini əks etdirən tablo və fotoalbomlar vasitəsilə onların zərərli xassələrinin təbliği haqqında slaydlar nümayiş olunub, maarifləndirici bukletlər paylanılıb.
Tədbir şagirdlərin hazırladığı narkomaniyanın fəsadlarından bəhs edən səhnəciklə davam etdirilib.