Cəbrayıl rayonunda "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusunda tədbir keçirilib
29 aprel 2024-cü il tarixdə Rayon İcra Hakimiyyəti, Polis şöbəsi, Təhsil sektoru, Mərkəzi rayon xəstəxanası Publik Hüquqi şəxsin birgə təşkilatçılığı ilə 14 nömrəli tam orta məktəbdə "Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya və erkən nikaha yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, İctimai Təhlükəsizlik bölməsinin azyaşlılar üzrə inspektoru, polis leytenantı Novruz Novruzlu, polis leytenantı Rüfət Həsənzadə, Mərkəzi Xəstəxananın həkimi Kənan Behbudov, valideynlər, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, narkomaniyanın fəsadları barədə düzgün təsəvvür formalaşdırmaq, habelə erkən nikahın yaratdığı problemlər haqqında maarifləndirmə məqsədi güdür. Erkən nikahlar yetkinlik yaşına çatmayanların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olur. Qeyd olunub ki, narkomaniya və erkən nikahla mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün birlikdə mübarizə aparmalı, maarifləndirmə işini daim diqqət mərkəzində saxlamalıyıq.
Tədbir narkomaniya və erkən nikahın fəsadlarına həsr olunmuş slaydların və videoçarxın nümayişi ilə davam etdirilib.