Cəbrayıl rayonunda “Fövqəladə hallar məktəblilərin gözü ilə”mövzusunda tədbir keçirilib
07 may 2025-ci il tarixdə Rayon İcra Hakimiyyəti, Qızıl Aypara Cəmiyyətinin rayon bölməsi və Təhsil sektorunun birgə təşkilatçılığı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü, ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunan “Fövqəladə hallar məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib.
R.Xudiyev adına Minbaşlı kənd tam orta məktəbin 7-ci sinif şagirdlərinin qatıldığı tədbirin məqsədi şagirdlər arasında fövqəladə hallar zamanı məlumatın düzgün ötürülməsi, operativ reaksiya vermə və koordinasiya bacarıqlarının inkişaf etdirilməsi olub.
Fövqəladə hallarda maarifləndirməni yaradıcı yanaşma ilə həyata keçirən məktəblilər mövzuya münasibətlərini rəsm bacarıqları ilə ifadə ediblər.
Tədbir çərçivəsində iştirakçılar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyət istiqamətləri, fövqəladə hallar zamanı informasiya axınının idarə olunması və humanitar prinsiplərə əsaslanan yanaşmalar barədə də praktiki biliklər qazanıblar. İnteraktiv formatda keçən tədbirin sonunda qaliblər və fəal iştirakçılar fəxri fərmanlarla mükafatlandırılıb.
Tədbir məktəblilərin böyük marağına səbəb olub.