Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib

21 sentyabr 2023 | 10:12

    20 sentyabr 2023-cü il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyəti və YAP Cəbrayıl rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyəti və YAP Cəbrayıl rayon təşkilatının əməkdaşları, ziyalılar, elm adamları, neftçilər iştirak ediblər.
    Tədbir Ulu Öndər Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və təbii fəlakət nəticəsində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edənlər ilk öncə bildiriblər ki, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bununla əlaqədar olaraq 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Hazırda həmin tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Antiterror tədbirlərinin həyata keçirilməsində Azərbaycan Ordusuna uğurlar arzulayır və Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək tezliklə Respublikamızın ərazi bütövlüyünün bərpa olunmasına inanırıq.
    Daha sonra natiqlər bu gün keçirilən tədbirin əhəmiyyətindən bəhs edərək qeyd etdilər ki, 20 sentyabr Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan 20 sentyabr tarixinin ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunması səbəbsiz deyil. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının 29 ildə müasir müstəqil Azərbaycana qazandırdığı uğurları bir tədbirdə əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı» sualının ümumi cavabı bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizdir.
    Tədbir “Əsrə bərabər gün-Əsrin müqaviləsi” adlı sənədli filmin nümayişi ilə başa çatdırılıb.

Keçidlər