Cəbrayıl rayonunda “Erkən nikah: məişət zorakılığına açılan qapı” mövzusunda tədbir keçirilib
27 oktyabr 2026-cı il tarixində Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun 9 nömrəli tam orta məktəbində “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı”nın 8.5.1-ci bəndinin icrası məqsədilə “Erkən nikah: məişət zorakılığına açılan qapı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun rəhbəri Fəridə İbayeva, rayon polis şöbəsinin və Mərkəzi Xəstəxananın əməkdaşları, məktəbin psixoloqu, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər erkən nikah problemi, onun mənfi nəticələri, fiziki və mənəvi zərərləri, erkən nikahlara səbəb olan amillər, yaratdığı fəsadlar və onların aradan qaldırılması yolları barədə geniş məlumat veriblər.
Bildirilib ki, erkən yaşda bağlanan nikahlar yeniyetmələrin sağlamlığına və gələcək həyatına ciddi mənfi təsir göstərməklə yanaşı, ailədaxili zorakılıq riskini də artırır. Erkən nikahların qarşısının alınması üçün yeniyetmələrin hüquqi maarifləndirilməsinin, ailə münasibətləri və ailə dəyərləri barədə düzgün təsəvvürlərinin formalaşdırılmasının vacibliyi vurğulanıb.
Eyni zamanda, məişət zorakılığı ilə bağlı müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər üçün mövcud yardım imkanları barədə də məlumat verilib.
Tədbir çərçivəsində məktəblilərə maarifləndirici bukletlər paylanılıb və videoçarx nümayiş etdirilib. Qeyd olunub ki, bu cür görüşlər cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına, erkən nikah və məişət zorakılığı risklərinin vaxtında müəyyənləşdirilməsinə və qarşısının alınmasına mühüm töhfə verir.
Sonda vurğulanıb ki, erkən nikah və məişət zorakılığı ilə mübarizədə bütün cəmiyyət fəal iştirak etməli, bu halların qarşısının alınması üçün dövlət orqanları ilə əməkdaşlıq etməli və ictimai nəzarətin gücləndirilməsinə öz töhfəsini verməlidir.






