Cəbrayıl rayonunda “Elektrik enerjisindən qənaətlə istifadə edək” mövzusunda maarifləndirici söhbət aparılıb
04 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının 4.8 bəndinin icrasının təmin olunması məqsədilə “Elektrik enerjisindən qənaətlə istifadə edək” mövzusunda maarifləndirici söhbət aparılıb. Tədbirdə Qarabağ Regional enerji təchizatı və satışı idarəsinin Cəbrayıl rayon Elektrik Şəbəkəsinin rəisi Ədalət Zeynallı, şəbəkənin əməkdaşları, ərazidə aparılan tikinti və bərpa-quruculuq işlərində çalışanlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının əhəmiyyətindən danışaraq bildiriblər ki, yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Bu məqsədlə tədbirdə “Yaşıl enerji”, “Məişətdə elektrik enerjisindən qənaətlə istifadə üsulları” və s. haqqında iştirakçılara geniş məlumat verilib, vurğulanıb ki, yaşadığımız binalarda, evimizdə, məişətimizdə enerjidən düzgün istifadə etməklə biz təbii sərvətlərin tükənməsinin, israfçılığın və ekoloji problemlərin yaranmasının qarşısını ala, eyni zamanda ailə büdcəmizə qənaət edə bilərik.