Cəbrayıl rayonunda əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında maarifləndirici tədbir keçirilib
25 aprel 2024-cü il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mil-Muğan Regional filialının təşkilatçılığı ilə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramının 8.4.3 bəndinin icrası ilə əlaqədar əhalinin sosial xidmətlərlə təmin edilməsində ünvanlılığın artırılması məqsədilə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirici tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Mil-Muğan Regional filialının aparıcı mütəxəssisi Xəzri Camalzadə və rayon sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkəmizdə qəbul edilmiş Dövlət Proqramının əhəmiyyətindən, onun icrası istiqamətində görülən işlərdən və mövcud sosial xidmətlərdən geniş söhbət açıblar. Qeyd olunub ki, çətin həyat şəraitində olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edən sosial xidmət sisteminin yaradılması və müvafiq sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində əhatəli işlər davam etdirilir. Sosial xidmətlərin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması kimi əhəmiyyətli məsələlər öz həllini tapır. Əlbəttə bu Dövlət Proqramı Azərbaycan Respublikasının sosial xidmət sisteminin, o cümlədən qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi və sosial xidmətlərin təminatı üçün zəruri şəraitin yaradılması üzrə dövlət siyasətinin əsaslarını müəyyən edir. Əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.
Tədbir sakinləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.