Cəbrayıl rayonunda Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub
22 noyabr 2023-cü il tarixdə Cəbrayıl rayonunda “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Cəbrayıl rayon Məhkəməsinin hakimi və sədri Tərlan Nüsrətov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov peşə bayramı münasibətilə ədliyyə orqanlarının işçilərini təbrik edərək Azərbaycan ədliyyəsinin şanlı tarixindən, inkişaf yolundan söhbət açıb, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatları haqqında məlumat verib. Ulu öndər Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdıran natiq həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını xüsusi vurğulayıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.