Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda Dövlət Suverenliyi günü qeyd olunub

19 sentyabr 2025 | 15:54

19 sentyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Dövlət Suverenliyi gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə RİH başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, hüquq-mühafizə orqanlarının əməkdaşları, məktəbin rəhbərliyi və kollektivi, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndəsi, mədəniyyət işçiləri iştirak ediblər.

14 saylı tam orta məktəbdə keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Süverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edənlər  2020-ci ilin 44 günlük Vətən müharibəsinin, eləcə də 2023-cü ilin 19-20 sentyabrında keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin əhəmiyyətindən geniş söhbət açıblar. Bildirilib ki, bu tarixi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən dövlət idarəetməsi strategiyasının məntiqi nəticəsidir. Bu strategiyanın əsasını güclü ordu quruculuğu, milli həmrəyliyin möhkəmləndirilməsi və beynəlxalq müstəvidə prinsipial mövqe təşkil edib. Məhz bu uğurların nəticəsi olaraq, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Vurğulanıb ki, bu təqvimin Dövlət Suverenliyi Günü kimi qeyd olunması təkcə tarixi qələbəmizin rəsmiləşdirilməsi deyil, həm də gələcək nəsillərə milli ruhun, dövlətçilik ənənələrinin aşılanması baxımından da böyük əhəmiyyət kəsb edir.

Sonda məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər dinlənilib və Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı əzəmətlə səsləndirilib.

Keçidlər