Cəbrayıl rayonunda Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd olunub
23 iyun 2025-ci il tarixdə Cəbrayıl rayonunda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Tədbirə Heydər Əliyev adına mədəniyyət və istirahət Parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələrinin düzülərək, xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlanılıb.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara müasir, müstəqil Azərbaycanımızın inkişafı yolunda fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri bildirib ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasəti bu gün cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Müasir cəmiyyətimizdə dövlət qulluğu dövlət siyasətinin, onun məqsəd və funksiyalarının reallaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əsas mexanizmdir. Dövlət qulluğu çoxtərəfli olmaqla dövlət hakimiyyətinin idarəetmə təsirini göstərən və dövlət idarəetməsinin daxili mahiyyətini açan geniş anlayışdır. Ölkə Prezidenti öz müdrik siyasəti ilə ölkəmizdə dövlət qulluğunun daim təkmilləşdirilməsi, kadr siyasətinin gücləndirilməsi, ən başlıcası dövlət qulluqçularının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atır. Hər birimiz bu istiqamətdə cənab İlham Əliyevin ətrafında sıx birləşməli və töhfəmizi verməliyik.