Cəbrayıl rayonunda COP29 çərçivəsində “Şəfəq” Günəş Elektrik Stansiyasının təməli qoyulub
12 noyabr 2024-cü il tarixdə Cəbrayıl rayonunda COP29 çərçivəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və birbaşa xarici investisiya layihəsi olan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Təməlqoyma mərasimində layihə üzrə "Azərbaycan Respublikası Hökuməti ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında İnvestisiya Müqaviləsi və "Azərbaycan Respublikası Energetika Nazirliyi ilə "Şəfəq (Cəbrayıl) Solar Limited" şirkəti arasında Torpaq İcarəsi Müqaviləsi" imzalanıb.
“Şəfəq” GES-də illik təxminən 500 milyon kilovat-saat elektrik enerjisi istehsalı gözlənilir ki, bu da ildə 120-150 milyon kubmetr təbii qaza qənaət, 260-330 min ton karbon emissiyasının azaldılması deməkdir.
Virtual Enerji Ötürülməsi Mexanizmi (VPTA) çərçivəsində stansiyada istehsal olunan enerji Cəbrayılda mövcud elektrik şəbəkəsinə ötürüləcək və eyni miqdarda enerji Səngəçal terminalına veriləcək. Nəticədə terminalın enerji ehtiyaclarını qarşılamaq üçün bərpaolunan enerjidən istifadə ediləcək və BP-nin Xəzər regionunda əməliyyat tullantılarının azaldılmasına dəstək verəcək. Beləliklə, layihənin icrası həm milli iqtisadiyyata, həm də konsorsium üzvlərinin, o cümlədən SOCAR-ın dekarbonizasiya səylərinə mühüm töhfə verəcək.