Cəbrayıl rayonunda “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!” mövzusunda tədbir keçirilib
17 oktyabr 2025-ci il tarixdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir!” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktının qəbul edilməsi ölkəmizin dövlətçilik ənənələrinin dirçəldilməsində və müstəqilliyimizin bərpa olunmasında mühüm tarixi hadisə idi. Müstəqilliyimizin möhkəmləndirilməsi dönəmində ölkəmizdə dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən böyük işlər dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətlərinin bəhrəsidir. Bu gün layiqincə davam etdirilən bu siyasət nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi naminə məqsədyönlü islahatlar həyata keçirilir. Ölkə Prezidentinin siyasi prosesləri yönəltmək məharəti, cəmiyyətin maraq və mənafelərini ümumi bir nöqtədə birləşdirmək qabiliyyəti onu yeni əsrin yeni liderinə çevirib.
Artıq beş ildir ki, xalqımız, bütün dünya azərbaycanlıları Şanlı Ordumuzun işğalçı Ermənistan üzərində əldə etdiyi Qarabağ Zəfərini böyük təntənə, sevinc və qürurla qeyd edir. Bu beş il ərzində dövlət başçısı cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birlikdə işğaldan azad edilmiş ərazilərə davamlı səfərləri, ərazidə aparılan yenidənqurma və bərpa işlərini daimi nəzarətdə saxlamaları bütün köçkünlər kimi biz cəbrayıllılar tərəfindən də minnətdarlıq hissi ilə qarşılanır.
Əraziləri işğaldan azad olunmuş rayon sakinlərinin əzəli yurdlarına qayıdışını təmin edəcək Dövlət Proqramına əsasən yüzlərlə ailənin Cəbrayıla və digər ərazilərə köçürmə prosesi bizi hədsiz dərəcədə sevindirir və inandırır ki, yeni uğurlara hədəflənən Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.
Tədbir məktəblilərin vətənpərvərlik ruhunda ifaları ilə davam etdirilib.






