Cəbrayıl rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyevlə görüş keçirilib
11 aprel 2025-ci il tarixdə Rayon İcra Hakimiyyətinin və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində “Vətən sənə oğul dedi” başlığı altında Polkovnik-Leytenat, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Vahid Quliyevlə görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyəti başçısını müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları, Təhsil sektorunun müdiri Zamiq Qurbanov, Milli Qəhrəman Kazım Məmmədovun anası Dursun xanım, “Azərbaycan Qarabağ əlilləri, müharibə veteranların və şəhid ailələri” ictimai birliyi rayon filialının sədri Səbuhi Hüseynov, qazilər, veteranlar, ümumtəhsil məktəblərinin direktorları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmiş, Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Görüş zamanı vətənpərvərlik ruhunu aşılayan çıxışlar dinlənilmiş, şagirdlərə Milli Qəhrəman Vahid Quliyevin, eləcə də digər qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Böyük Zəfərin qazanılmasından göstərdikləri sücaətdən geniş söhbət açmışlar. Natiqlər tədbirin əsas məqsədinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, vətənə sevgi və məhəbbət hisslərinin daha da gücləndirilməsindən ibarət olduğunu qeyd etmişlər.
Tariximizin müxtəlif dövrlərində olan Azərbaycan bayraqlarının səhnəyə gətirilməsi ilə davam edən tədbirdə şagirdlər vətənpərvərlik və vətənə məhəbbət hissini əks etdirən şeirlər səsləndirmiş, mahnılar ifa etmişlər.
Görüşün sonunda Milli Qəhrəman şagirdlərlə səmimi söhbət aparmış, onların suallarını cavablandırmış və vətənin müdafiəsinin hər bir vətəndaşın borcu olduğunu vurğulamışdır.