Cəbrayıl rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi qeyd olunub
26 iyul 2024-cü il tarixdə Cəbrayıl rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları, Cəbrayıl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Emin Məstəliyev, rayon gəncləri iştirak ediblər.
Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə idmançılarımızı təbrik edib, xoş arzularını bildiriblər. Qeyd olunub ki, xalqımızın Ulu Öndəri Heydər Əliyevin 1994-cü ilin iyulun 26-da imzaladığı Fərmanla Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 2006-cı ildə isə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub və gənclər siyasətinin əsas icra orqanının qarşısında yeni vəzifələr müəyyənləşdirilib.
Ölkəmizdə gənclər siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırır, onların imkan və bacarıqlarını yüksək qiymətləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkan verdi. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, hər il 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi, bu sahədə dövlət proqramlarının qəbulu Ümummilli Lider Heydər Əliyevin gənclərə böyük qayğısının göstəriciləridir.
İndi ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar, təsdiq etdiyi Dövlət proqramları uğurla icra olunur və öz müsbət nəticələrini verir. 2006-cı ildə dövlətimizin başçısının Fərmanı ilə yenidən təşkil olunan Gənclər və İdman Nazirliyi Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında, ölkəmizdə idmanın tərəqqisində mühüm rol oynayan ən böyük qurumdur. Sevindirici haldır ki, bu gün ölkə gəncliyi yaradılan əlverişli imkanlardan bəhrələnərək Azərbaycana yeni-yeni uğurlar qazandırır. Hazırda ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Bu gənclər müxtəlif sahələrdə Azərbaycanın inkişafında, dövlət siyasətinin uğurla həyata keçirilməsində, eləcə də ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayırlar.
Dövlət gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. İndi bütün bölgələrdə yeni Olimpiya İdman kompleksləri tikilərək istifadəyə verilib. 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Azərbaycanın dünya idmanına ən böyük töhfəsi ölkəmizin 2015-ci ildə tarixdə ilk Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi oldu. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi 30 aylıq qısa bir müddətdə inanılmaz nailiyyətə imza ataraq bu mötəbər idman turnirini ən yüksək səviyyədə təşkil etməyə nail oldu. Azərbaycan təkcə təşkilatçılığı ilə deyil, atletlərimizin uğurlu çıxışları ilə də Prezident İlham Əliyevin dediyi kimi, Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi.
Bu mötəbər idman turnirindən qısa müddət sonra 2016-cı ildə ölkəmiz 42-ci Ümumdünya Şahmat Olimpiadasına, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına, 2019-cu ildə UEFA Avropa Liqasının final qarşılaşmasına, XV Avropa Gənclər Olimpiya Festivalına, eləcə də Formula 1 Qran-Prisinə ev sahibliyi edib.
Xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə idmanın inkişafı və gənclərlə iş sahəsində çoxşaxəli fəaliyyət həyata keçirən, bu sahədə dövlət siyasətinin uğurla reallaşmasında vacib rol oynayan Gənclər və İdman Nazirliyinin 30 illik uğurlu fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir.
Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.
Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illik yubileyi münasibətilə fəaliyyətlərində fərqlərin gənclərin Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Fəxri Fərmanları ilə təltif edilməsi ilə davam etdirilib.