Cəbrayıl rayonunda Azərbaycan Prokurorluğunun yaranmasının 106-cı ildönümünə həsr olunmuş tədbir keçirilib
Bu gün Prokurorluq işçilərinin peşə bayramıdır. Azərbaycan Prokurorluğunun yaranmasının 106 illiyi tamam olur. Bu münasibətlə Heydər Əliyev adına Mədəniyyət və İstrahət parkında rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Rayon Prokuroru Vüqar Səlimov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, icra hakimiyyəti başçısı aparatının, prokurorluğunun məsul əməkdaşlarının, idarə, müəssisə və təşkilatların iştirakı ilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri qoyub xatirəsini dərin ehtiramla yad ediblər.
İcra başçısı Kamal Həsənov çıxış edərək “1 Oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü” münasibəti ilə prokurorluq işçilərini təbrik edərək xoş arzularını bildirib, çətin və şərəfli işlərində onlara uğurlar arzulayıb. Rayon rəhbəri vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğsının ifadəsi olmaqla yanaşı, həm də onların fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür. Ulu öndərin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra milli prokurorluq orqanları ölkənin hüquq sisteminin, insan hüquq və azadlıqlarının müdafiəsində yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşıb. 1995-ci il noyabrın 12-də isə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaradıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli liderin ənənəsini layiqincə davam etdirərək prokurorluq orqanlarına daima yüksək etimad, hərtərəfli diqqət və qayğı göstərir, onların fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirir. Ölkə başçısının müvafiq Sərəncamı ilə hər il peşə bayramlarında prokurorluq işçilərinin təltif olunması bunun bariz nümunəsidir.
Rayon Prokuroru Vüqar Səlimov çıxış edərək göstərilən diqqət və qayğıya görə rəhbərlik etdiyi kollektiv adından ölkə Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərinə minnətdarlığını ifadə edib, prokurorluq orqanlarının əməkdaşlarının bundan sonra da qanunçuluq və hüquq qaydasının mohkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlarını diqqətə çatdırıb.