Cəbrayıl rayonunda Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibəti ilə tədbir keçirilib
Cəbrayıl rayonunda 02 iyul 2024-cü il tarixdə Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, polis şöbəsinin şəxsi heyyəti və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mədəniyyət və İstrahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
İcra başçısı Kamal Həsənov çıxış edərək Polis əməkdaşlarını peşə bayramı günü münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, ölkəmizdə ictimai asayişin qorunmasında və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə daim yüksək peşəkarlıq nümayiş etdirən Daxili İşlər Nazirliyinin şəxsi heyəti Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də fədakarlıq və qəhrəmanlıq göstərib.
Bu gün ölkəmizdə mövcud olan yüksək ictimai-siyasi sabitliyin yaranmasında mühüm rol oynayan, milli maraqları və dövlətçilik mənafelərini daim uca tutan Azərbaycan Polisi Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətimizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının qorunmasına layiqli töhfələr verirlər.
Sonda xidmətdə fərqləndiklərinə görə Polis şöbəsinin bir qrup əməkdaşı Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub.
Bir daha dövlətçiliyimizin möhkəmlənməsində, müstəqilliyimizin əbədiliyinin təmin olunmasında xidmətləri olan Daxili İşlər Orqanlarının bütün əməkdaşlarını təbrik edir, çətin və şərəfli işlərində uğurlar arzulayırıq.