Cəbrayıl rayonunda “Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilib
10 dekabr 2025-ci il tarixdə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Şərqi Zəngəzur Regional Mədəniyyət idarəsinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Kitabxanada “Azərbaycan mədəniyyətinin hamisi - Heydər Əliyev” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva, YAP rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sistemin direktoru Vasif Quliyev, mədəniyyət işçiləri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ölkəmizin müdafiəsi naminə canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyev çox qısa zaman ərzində dünyanın inkişaf etmiş ölkələri sırasına çıxan müstəqil Azərbaycanın yaradıcısı və memarı olmaqla dövlətimizin və ölkəmizin tarixinə öz adını əbədi olaraq həkk edib. Təsadüfi deyildir ki, bu gün biz Ulu Öndərin adını bütün zamanlarda Azərbaycan mədəniyyətinin hamisi və milli mənəvi dəyərlərimizin təəssübkeşi kimi yad edirik. Azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə qaldıran böyük şəxsiyyət ötən əsrin 70-80-ci illərində milli mədəniyyətimizin inkişafı istiqamətində ciddi addımların atılması ilə mədəniyyətimizin və ədəbiyyatımızın intibah dövrünü yaşamasına nail ola bilmişdir. Məlum olduğu kimi Azərbaycan mədəniyyətinin yüksək inkişaf səviyyəsinə çatmasında, dünya şöhrətli korifey sənətkarlarımızın yetişməsində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Mədəniyyətimizin bütün istiqamətlərinin, o cümlədən kitabxana sahəsinin inkişafı və müstəqilliyin yaratdığı geniş imkanlar çərçivəsində təkmilləşməsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, müstəqil Azərbaycanın çiçəklənən bir ölkəyə çevrilməsini daim arzulayan, doğma Qarabağ torpaqlarımızın erməni işğalından azad olunacağına ürəkdən inanan Heydər Əliyevin bu gün ruhu şaddır. Xalqımızın böyük oğlu və xilaskarının işıqlı ideyalarının və əməllərinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində tarixi zəfər qazanmaqla, həm atası, həm də canından çox sevdiyi Vətəni qarşısında öz oğulluq borcunu şərəflə yerinə yetirib!
Əgər XX əsrin sonlarında Ulu Tanrı Öndər Heydər Əliyevi ölkəmizi vətəndaş müharibəsindən qurtaran bir xilaskar kimi göndərmişdisə, XXI əsrin əvvəllərində isə cənab İlham Əliyevi 30 il işğal altında olan torpaqlarımızın erməni işğalından azad olunmasını gerçəkləşdirən sərkərdə kimi xalqımıza bəxş etmişdir! Məhz buna görə xalqımız və bütün dünya azərbaycanlıları hər zaman Ulu Tanrıya səcdə edəcək, minnətdar olacaqdır!
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sərgiyə baxış keçirilmiş və videoçarx nümayiş etdirilmişdir.






