Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı olub
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər.
Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın prioritet istiqamətləri kimi, logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Parkın ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib. Sənaye Parkında fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb.
Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayacaq. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək. Müəssisənin fəaliyyətə başlaması məşğulluğun təmin edilməsinə töhfə verəcəkdir.