Cəbrayıl rayonunda antikorrupsiya davranış modelinin formalaşdırılması və məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib
02 dekabr 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın 6.2. bəndinin icrası ilə əlaqədar Cəbrayıl rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə maarifləndirici tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın əməkdaşları və tibb işçiləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən biri olan korrupsiyanın ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərməsindən, sosial ədalətə ciddi təhlükə yaratmasından, iqtisadi və sosial inkişafı ləngitməsindən, əlverişli biznes mühitinin yaranmasına mane olmasından, korrupsiyaya qarşı mübarizənin qlobal əhəmiyyətini nəzərə alan Birləşmiş Millətlər Təşkilatının (BMT) 9 dekabr tarixini Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günü elan etməsindən geniş söhbət açıblar. Korrupsiyaya qarşı mübarizənin mütəşəkkil və ardıcıl aparılmasının ölkə prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayan natiqlər bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planlarının qəbul edildiyini diqqətə çatdırıblar. Ölkəmizdə insanların sosial rifahını və vətəndaş məmnunluğunun daha da artırılması üçün aparılan yeni islahatlar nəticəsində şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirildiyini bildiriblər. Tədbirdə eyni zamanda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər və bu istiqamətdə həyata keçirilən tədbirlər barədə də geniş məlumat verib. Bildirilib ki, Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Həmçinin dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.






