Cəbrayıl rayonunda “Ana dilimizin saflığı keşiyində duraq” mövzusunda dəyirmi masa təşkil olunub
19 fevral 2024-cü il tarixdə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbində 21 fevral - Beynəlxalq Ana Dili Günü münasibəti ilə “Ana dilimizin saflığı keşiyində duraq” mövzusunda dəyirmi masa təşkil olunub. Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, yazarlar, “Xudafərin” qəzetinin yaradıcı heyəti, idarə, müəssisə və təşkilatların kargüzarları, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolundan geniş söhbət açaraq bildiriblər ki, hazırda elə bir dünyada yaşayırıq ki, qloballaşma həyatımızın hər anında özünü göstərir. Onun təməlində beynəlxalq ünsiyyət dayandığından bu prosesin müsbət və mənfi təsirləri ən çox dil mühitində özünü büruzə verir. Həmin amilləri nəzərə alaraq 2013-cü ilin aprelində “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” haqqında Sərəncamın imzalanması ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından tarixi hadisə və dilimizə dövlət qayğısının bariz nümunəsi idi.
Azərbaycan dilinin zənginliyi, ahəngdarlığı barədə danışan natiqlər həm nitqimizdə, həm də yazılarımızda ədəbi dil normalarına riayət etməyin hər kəsin mənəvi borcu olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, Azərbaycan dili xalqımızın müqəddəs sərvətidir. Dilimizi inkişaf etdirib yaşatmaq özümüzü yaşatmaqdır, tariximizi yaşatmaqdır. Tarixin qaynaqlarından süzülüb gələn, canımıza, qanımıza ana südü, ana laylası ilə hopan dilimizin saflığını və müqəddəsliyini qorumaq, inkişaf etdirmək, yad təsirlərdən qurtarmaq, keşiyində ayıq-sayıq dayanmaq, gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Tədbir şagirdlərin ifasında Azərbaycan şairlərinin şerləri ilə davam etdirilib.