Cəbrayıl rayonunda “Ana dilimizi sevək, qoruyaq və yaşadaq” mövzusunda tədbir keçirilib
31 iyul 2026-cı il tarixdə “01 avqust Azərbaycan Əlifbası və Azərbaycan dili Günü” münasibətilə “Ana dilimizi sevək, qoruyaq və yaşadaq” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Mayil Əliyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Vasif Quliyev, Gənclər və İdman sektorunun baş məsləhətçisi Hüseyn Fətullayev, kitabxana, klub və mədəniyyət işçiləri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər bildiriblər ki, Ümummilli Liderin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından dahi rəhbərin göstərdiyi misilsiz xidmətlərdəndir. 2002-ci il 30 sentyabr tarixdə “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha mühüm bir addımdır. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Bu ənənələri bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlət başçısının müxtəlif vaxtlarda imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” və “Azərbaycan Milli Ensiklopediyasının hazırlanması haqqında” sərəncamları və bu istiqamətdə görülən işlər də dilimizin inkişafına böyük qayğının təzahürüdür.
Azərbaycan dilinin və əlifbasının qorunub saxlanması və inkişaf etdirilməsi bu günümüzün və gələcəyimizin ən zəruri məsələlərindəndir. Çünki bu dil 50 milyondan artıq soydaşımızı birləşdirən və doğmalaşdıran atributdur. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.
Tədbir zamanı Azərbaycan Əlifbası və Azərbaycan dili Gününə həsr olunmuş videoçarx nümayiş olunub.






