Cəbrayıl rayonunda ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keçirilib
11 sentyabr 2026-cı il tarixdə 2025-2026-cı tədris ilində Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirilib.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov, aparatın əməkdaşları, ali məktəblərə qəbul olunan məzunlar, qabaqcıl təhsil işçiləri, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümummilli lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə İcra Hakimiyyətinin başçısı Kamal Həsənov ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan bütün məzunları təbrik edib, xoş arzularını bildirib.Rayon rəhbəri qeyd edib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təhsilin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. İşğaldan azad edilmiş ata-baba yurdlarımızda da yeni məktəblərin, uşaq bağçalarının açılması, mövcud təhsil müəssisələrinin əsaslı təmiri və yenidənqurma işlərinin aparılması bizi çox sevindirir.Bu da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün başlıca amildir. Əvvəlki illərdə olduğu kimi, bu tədris ilində də əldə olunan yüksək nəticələr rayonun təhsil ənənələrinin və intelektual potensialının göstəricisindən xəbər verir. Nəzərinizə çatdırmaq istəyirəm ki,bu il rayonun 37 ümumtəhsil məktəbini bitirən 635 məzundan 459-u ali və orta ixtisas məktəblərinə sənəd verib .Onlardan 412-si müxtəlif ali və orta ixtisas müəssisələrinə qəbul olunub. Tələbə adını qazanan məzunlardan 22-si 600-dən, 48-i isə 500-dən çox bal toplayıb.
Digər çıxış edənlər də məzunları təbrik edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda ali məktəblərə qəbul imtahanlarında 600-dən çox bal toplayan məzunlara Rayon İcra Hakimiyyətinin təşəkkürnamələri və qiymətli hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.






