Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 8 noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib

07 noyabr 2025 | 15:43

     07 noyabr 2025-ci il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününün beşinci ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, rayon ağsaqqalları, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    “Şəhidlər” Abidə Kompleksində şəhidlərimizin abidələri önünə gül-çiçək dəstələri qoyulub, ruhlarına dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.
    Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanan rəsmi hissədə Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
     Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digərləri çıxış edərək Azərbaycanımıza dünya səviyyəsində baş ucalığı gətirən bu tarixi qələbə münasibətlə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla, xalqımızı, bütün dünya azərbaycanlılarını, Böyük Türk dünyasını təbrik edib, xoş arzularını bildiriblər. Qeyd olunub ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi möhtəşəm qələbə təkcə 44 günün deyil, illərlə formalaşdırılan müdrik siyasətin nəticəsidir. Bu zəfərin təməli 1993-cü ildə xalqın təkidli tələbindən sonra Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qoyulub. O dövrdə ölkənin qarşılaşdığı xaos və parçalanma təhlükəsi şəraitində Ümummilli Liderin həyata keçirdiyi islahatlar müstəqil dövlətçiliyin əsaslarını qoruyub saxlamaqla bərabər, uzunmüddətli strateji hədəfləri də müəyyən etdi. "Biz torpaqlarımızı sülh yolu ilə, amma lazım gələrsə, hərbi yolla da azad etməyə hazır olmalıyıq" deyən Ulu Öndərin bu strateji yanaşması Azərbaycan dövlətinin Qarabağ məsələsində dəyişməz mövqeyinin əsasını təşkil etdi və 27 sentyabr 2020-ci il tarixdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı təxribatlarına cavab məqsədilə əks-hücuma keçərək yağı düşməni sarsıtdı, ona ciddi zərbə vuraraq 30 ilə yaxın davam edən həsrətə 44 gün ərzində son qoydu, Azərbaycanın Zəfər tarixini yaratdı.
    Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq dövrü yaşanır. Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələri reallaşdırılır, uzun illər sonra öz yurduna geri dönən insanların rahat yaşayışı üçün bütün şərtlər təmin edilir, iş yerləri yaradılır. Dövlət başçısı mütəmadi olaraq azad olunmuş ərazilərə səfərlər edərək görülmüş işlərlə tanış olur, yeni layihələrin təməlini qoyur, eyni zamanda, sakinlərlə görüşür, onların sevincinə şərik olur. Fərəhləndirici haldır ki, Zəfər gününün beşinci ildönümünü Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 5256 ailə 20879 məcburi köçkün öz ata-baba yurdlarında - əlbəttə ki, 669 ailə 2909-u Cəbrayıllılar olmaq şərti ilə könül xoşluğu ilə qarşılayacaqlar.
    Vurğulanıb ki, 8 noyabr tarixi Dünya Azərbaycanlıları üçün möhtəşəm Qələbəmizin rəmzi olmaqla yanaşı, həm də milli kimliyimizin və milli qürurumuzun təsdiqi günüdür. 30 il işğal günlərinin acısını yaşadığımız qara ləkələr təkcə təqvimdən deyil, tariximizdən və həyatımızdan birdəfəlik silindi. İndi onların yerini parlaq Qələbə-şəhər Günləri tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin.
    Bu gün biz gələcəyə daha inamla baxırıq. Çünki artıq bilirik: Müstəqillik bir nemətdirsə, onu qorumaq-bir məsuliyyətdir. Suverenlik bir hüquqdursa, onu yaşatmaq – bir borcdur. Və bu borcu Azərbaycan xalqı şərəflə, fədakarlıqla, Zəfərlə yerinə yetirib.
    Tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerli özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Keçidlər