Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda 8 noyabr - Zəfər Gününün altıncı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib

07 noyabr 2026 | 13:34

    7 noyabr 2026-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününün altıncı ildönümü münasibətilə ümumrayon tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, mədəniyyət işçiləri, rayon ağsaqqalları, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə “Şəhidlər xiyabanı”ında və “Şəhidlər” Abidə Kompleksində şəhidlərimizin abidələri önünə gül-çiçək dəstələri qoyulub, ruhlarına dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlanan bədii hissədə Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Azərbaycanımıza dünya səviyyəsində baş ucalığı gətirən bu tarixi qələbə münasibətlə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev başda olmaqla, xalqımızı, bütün dünya azərbaycanlılarını təbrik edib, xoş arzularını bildirib. Qeyd olunub ki, 27 sentyabr 2020-ci il tarixdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi genişmiqyaslı təxribatlarına cavab məqsədilə əks-hücuma keçərək yağı düşməni sarsıtdı, ona ciddi zərbə vuraraq 30 ilə yaxın davam edən həsrətə 44 gün ərzində son qoydu, Azərbaycanın Zəfər tarixini yazdı. 8 noyabr tarixi Dünya Azərbaycanlıları üçün möhtəşəm Qələbəmizin rəmzi olmaqla yanaşı, həm də milli kimliyimizin və milli qürurumuzun təsdiqi günüdür. 30 il işğal günlərinin acısını yaşadığımız qara ləkələr təkcə təqvimdən deyil, tariximizdən və həyatımızdan birdəfəlik silindi. İndi onların yerini parlaq Qələbə-şəhər Günləri tutur.
    İcra başçısı vurğulayıb ki, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq dövrü yaşanır. Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələri reallaşdırılır, uzun illər sonra öz yurduna geri dönən insanların rahat yaşayışı üçün bütün şərtlər təmin edilir, iş yerləri yaradılır. Dövlət başçısı mütəmadi olaraq azad olunmuş ərazilərə səfərlər edərək görülmüş işlərlə tanış olur, yeni layihələrin təməlini qoyur, eyni zamanda, sakinlərlə görüşür, onların sevincinə şərik olur.
    Tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında rayonunun ümumtəhsil məktəblərinin hazırladıqları “Zəfər günü”nə həsr olunmuş əl işlərindən ibarət sərginin nümayiş etdirilməsi və yerli özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilib.

Keçidlər