Cəbrayıl rayonunda “8 Noyabr - Zəfər Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilib
08 noyabr 2024-cü il tarixdə “8 Noyabr - Zəfər Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə “Şəhidlər Xiyabanı”nda, və “Şəhidlər” Abidə Kompleksində torpaqlarımızın azadlığı uğrunda canından keçmiş vətən övladlarının abidələri önünə gül-çiçək dəstələri qoyularaq ruhlarına dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.
Sonra tədbir Ulu öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət parkında davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilərək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək qeyd ediblər ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə qəhrəman hərbiçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıdıldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edildi. Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür.
Bayram tədbiri Zəfər gününə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilməsi, rayonunun ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında Vətənə, Şəhidlərə, Zəfər Gününə həsr olunmuş şeirlərin səsləndirilməsi və mədəniyyət işçilərinin konsert proqramı ilə ilə davam etdirilib.