Cəbrayıl rayonunda 5 İyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd olunub
05 iyun 2024-cü il tarixdə Cəbrayıl rayonunda su təsərrüfatı işçilərinin peşə bayramı qeyd edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın məsul əməkdaşları, rayonun su təsərrüfatı və meliorasiya işçiləri, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dərin ehtiramlarını bildiriblər.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək su təsərrüfatı və meliorasiya İşçilərini peşə bayramı münasibəti ilə təbrik edib, xoş arzularını bildirib. Rayon rəhbəri qeyd edib ki, Azərbaycanda mükəmməl su təsərrüfatı və meliorasiya sistemlərinin yaradılması və inkişafı böyük Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi aqrar sektor da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatımızın inkişafında mühüm əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sahəsində müasir idarəetmə sistemi təşkil olunub. Yeni suvarma texnologiyalarının tətbiqi, işğaldan azad olunan ərazilərdə su anbarlarının və magistral kanallarının təmir-bərpası, digər bu kimi işlər uğurla davam etdirilir.