Cəbrayıl rayonunda 5 İyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü qeyd olunub
05 iyun 2025-ci il tarixdə Cəbrayıl rayonunda 5 iyun - Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, aparatın əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilatların rəhbərləri və rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucalan abidəni ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov çıxış edərək Su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda su meliorasiya təsərrüfatının əsaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə də genişmiqyaslı işlər görülüb, təxirəsalınmaz layihələr həyata keçirilib.
Digər çıxış edənlər Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışıb, fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Sonda fərqlənən bir neçə əməkdaşa fəxri fərmanlar təqdim edilmişdir.