Cəbrayıl rayonunda 28 May - Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
27 may 2026-cı il tarixdə Cəbrayıl rayonunda 28 May - Müstəqillik Gününün 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının Ümummilli liderinin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Çıxış edənlər 28 May - Müstəqillik Günü münasibəti ilə iştrakçıları təbrik edərək xoş arzularını çatdırıblar. Qeyd olunub ki, zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaratması mühüm tarixi nailiyyətdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş torpaqlarımızda dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.
Qoy Azərbaycan xalqının birliyi və Azərbaycan dövlətinin müstəqiliyi əbədi olsun!






