Cəbrayıl rayonunda 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
28 may 2024-cü il tarixdə Cəbrayıl rayonunda Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Hüquq-mühafizə, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Azərbaycan xalqının Ümummilli liderinin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 28 May - Müstəqillik Günü münasibəti ilə tədbir iştrakçılarını təbrik edərək xoş arzularını çatdırıb. Rayon rəhbəri bildirib ki, 106 il öncə bu gün – 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Qısa dövrdə dövlətin ilk parlamenti, hökuməti yaranıb, dövlət atributları təsis olunub, sərhədləri müəyyən edilib, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilib. Cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərə bilib. Bununla həm də xalqımızın çoxəsrlik dövlətçilik ənənələri yeni mərhələyə qədəm qoyub.
1991-ci ildə dövlət müstəqilliyini yenidən bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi elan edib. Xalqımızın ilk demokratik dövləti kimi Cümhuriyyətin fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev tarixi irsimizə böyük həssaslıqla yanaşmış, müasir dövrdə müstəqil dövlətçiliyin qorunması və dönmədən inkişaf etdirilməsi sahəsində əzmlə çalışmış, böyük fədakarlıq göstərmişdir.
Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində müstəqil dövlətimiz daha da inkişaf etdi və hərtərəfli gücləndi. 30 il Ermənistanın işğalı altında qalan torpaqlarımız azad olundu. Nəhayət, 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri ilə Xankəndidəki son separatçılar da ağ bayraq qaldırmağa məcbur edildi və dövlətimizin ərazi bütövlüyü, suverenliyi tam bərqərar oldu. Elə bunun nəticəsidir ki, xalqımız bu gün Müstəqillik Gününü çox böyük qürur və fərəh hissi ilə qeyd edir.
Qoy Azərbaycan xalqının birliyi və Azərbaycan dövlətinin müstəqiliyi əbədi olsun!