Cəbrayıl rayonunda 27 sentyabr - Anım gününün beşinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Cəbrayıl rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım gününün beşinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Şəhidlər Abidə Kompleksinin qarşısında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə “Şəhidlər Xiyabanı”nda və “Şəhidlər” Abidə Kompleksində şəhidlərimizin abidələri önünə gül-çiçək dəstələrinin qoyulması, ruhlarına duaların oxunması, xatirələrinin böyük ehtiramla yad edilməsi ilə başlanılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov tədbirdə çıxış edərək bildirib ki, 27 sentyabr tarixi doğma torpaqlarımızı işğaldan azad etmək yolunda hərbi siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu, milli ruhumuzun, milli birlik və həmrəyliyimizin sözünü dediyi bir gündür. Xalqımızın əzmi, iradəsi, “milli-mənəvi birliyimiz, Vətən oğullarının doğma el-obaya sədaqəti, mərdliyi və mətinliyi, məhz 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Hər günü bir qəhrəmanlıq dastanı olan Vətən müharibəsi - əsrlərin sınağından çıxmış milli xüsusiyyətlərimizin mahir daşıyıcısı, qəhrəmanlıqları ilə xalqımızın, millətimizin köklü duyğularını yaşadan, milli ləyaqətimizi uca tutan, milli mentalitetimizi çiyinlərində yüksəldən igid oğullarımızın sayəsində Zəfərlə başa çatdı. Bu gün bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları müqəddəs vətənimiz uğrunda canlarından keçən həmin oğulların xatirəsini qürurla yad edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı əsasında təsis edilən Anım Günü də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə olan dərin ehtiramın ifadəsidir.
Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır, xalqımız müzəffər xalq kimi dünya xalqları içərisində tanınır. Bu tarixi qələbəyə görə şəhidlərimizə, qazilərimizə, Ulu öndər Heydər Əliyevin başlatdığı siyasəti layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, İlham Əliyevə borcluyuq. Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsindəki cəsarəti, inamı və qətiyyəti hesabına bütün dünya dövlətləri haqq savaşında kimin kim olduğunu gördülər, bu uzaqgörən, müdrik siyasətin nəticəsində haqq savaşımız bir çox ölkələr tərəfindən düzgün qarşılandı. Əlbəttə bu da Azərbaycanın hərb sahəsində olduğu kim diplomatik sahədə böyük uğuru idi. Bu uğuru hər kəs öz işində, öz əməlində davam etdirməlidir.
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Qeyd: Vətən Müharibəsi şəhidlərinin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.






