Cəbrayıl rayonunda 27 sentyabr- Anım gününə həsr olunmuş tədbir keçirilib
27 sentyabr 2024-cü il tarixdə Şəhidlər Abidə Kompleksinin qarşısında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə , təşkilatların rəhbərləri, şəhid ailələri,veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə “Şəhidlər Xiyabanı”nda, və “Şəhidlər” Abidə Kompleksində şəhid olmuş vətən övladlarının abidələri önünə gül-çiçək dəstələri qoyularaq ruhlarına dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov və digər çıxış edənlər birinci və ikinci Qarabağ müharibələri zamanı canlarını vətən,torpaq uğrunda qurban verən şəhidlərimizə Uca tanrıdan rəhmət, ailələrinə səbr diləyiblər. Bildirilib ki, Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Azərbaycan xalqı,dövləti və ordusu 30 illik torpaq həsrətinə 44 gündə son qoyaraq tariximizdə yeni səhifə yazdılar, ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı. Vətən torpağını öz canları,qanları bahasına müqəddəsləşdirmiş,ölümləri ilə xalqa yeni nəfəs verən Şəhidlərimizin, sağlamlığını itirmiş qazilərimizin keçdiyi döyüş yolu gənclərimiz üçün örnəkdir.Bu gün xalqımız onların hər birinin qəhrəmanlığı ilə fəxr edir,qürur duyurlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan söhbət açan natiqlər Ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamın şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.
Tədbir şagirdlərin ifasında tarix boyu qürur mənbəyimiz olan qələbəni, zəfəri bu gün bizlərə yaşadan, bu yolda canlarını əsirgəməmiş şəhidlərimizə həsr olunmuş kompozisiya ilə davam etdirilib.
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.