Cəbrayıl rayonunda 27 sentyabr - Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib
27 sentyabr 2026-cı il tarixində Cəbrayıl rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib.
Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, veteranlar, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
“Şəhidlər Xiyabanı”nda şəhidlərimizin abidələri önünə gül-çiçək dəstələrinin qoyulması ilə başlanan tədbirdə şəhidlərin ruhuna dualar oxunub, xatirələri böyük ehtiramla yad edilib.
Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında həm hüzn, həm də qürur hissləri ilə bağlı olduğunu bildirib. O, Azərbaycanın tarixi Zəfərinin və ərazi bütövlüyünün bərpasının əsasında uzunmüddətli dövlətçilik siyasətinin, milli həmrəyliyin, habelə ölkənin siyasi, iqtisadi və müdafiə potensialının gücləndirilməsinin dayandığını qeyd edib.
Eyni zamanda, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinin Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı ilə yaddaşlarda qaldığı, hazırda Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyi diqqətə çatdırıb.
Saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Allah Şəhidlərimizə rəhmət eləsin!






