Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbrayıl rayonunda “24 günün hünəri” kitabının təqdimatı keçirildi

17 may 2022 | 16:43

    17 may 2022-ci il tarixdə 8 saylı tam orta məktəbdə şair Mirzə Mirimlinin müəllifi olduğu Vətən müharibəsi şəhidi, Milli ordumuzun cəsur mayoru Elsevər Vaqif oğlu Paşayevə həsr olunmuş “24 günün hünəri” kitabının təqdimatı keçirildi. Təqdimat mərasimində Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, yazarlar, ədəbiyyat sevərlər, gənclər iştirak edirdilər.
    Respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər şəhidin qısa, lakin şərəfli ömür yolunun maraqlı məqamlarından söhbət açıblar.
     Kitabda Azərbaycanın döyünən ürəyi olan Qarabağın tarixi, Vətən müharibəsi, qəhrəmanımızın döyüş yolu, dostlarının, yaxınlarının Elsevər haqqında xatirələri geniş yer almışdır. Qeyd edilmişdir ki, Vətən müharibəsində Cəbrayıl rayonu 33 şəhid verib. Onların hər birinin keçdiyi yol bizim üçün qürur və fəxarətdir. Eləcə də 32 yaşında şəhidlik zirvəsinə ucalan Elsevər Paşayevin. Elsevər Paşayev peşəkar hərbçi idi. 5 dil bilirdi. O yüksək nüfuz sahibi kimi Əfqanıstanda olanda Amerika səfiri ilə görüşmüş, NATO sülhməramlı qüvvələrinin tərkibində fəaliyyət göstərmişdir. Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək 400-ə yaxın əsgərimizi mühasirədən çıxarıb. Kapitan kimi döyüşlərə başlayan Elsevər mayor kimi döyüş yolunu davam etdirib. Oktyabr ayının 19-da Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə minaya düşərək, ağır yaralanır, onu həyata qaytarmaq mümkün olmur və oktyabrın 25-də şəhadətə qovuşur. II Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, iki qız övladı yadigar qalıb. E.Paşayevin Vətən müharibəsində qəhrəmanlıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
    Mərasim iştirakçıları bu kitabın təkcə Cəbrayıllıların deyil, ümumilikdə respublika gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında, şəhidlərimizin təbliğatında böyük rolu olacağına inam ifadə ediblər.
     Sonda şəhid haqqında videoçarx izlənildi, müəllifin imzası ilə tədbir iştirakçılarına kitablar təqdim olundu.

Keçidlər