Cəbrayıl rayonunda 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı günü qeyd olunub
23 iyun 2026-cı il tarixdə Cəbrayıl rayonunda 23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, aparatın əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
İştirakçılar əvvəlcə Heydər Əliyev adına mədəniyyət və istirahət Parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri düzərək, xatirəsini dərin ehtiramla yad ediblər. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik edərək, onlara müasir, müstəqil Azərbaycanımızın inkişafı yolunda fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı günü təsis edilib. Ölkəmzdə demokatik, hüquqi və dünyəvi dövlət qurulması prosesində dövlət qulluğunun rolu və Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən iyun ayının 23-ü BMT-nin Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq bu tarix Azərbaycanda Dövlət qulluqçularının peşə bayramı günü kimi hər il qeyd olunur.
Azərbaycanda digər peşə sahələri ilə yanaşı dövlət qulluğu sahəsində də aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” qanundur. Bu qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulmuş, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Danılmaz həqiqətdir ki, şəxsi nümunəsi ilə hər bir dövlət qulluqçusuna örnək olan Ulu öndər Heydər Əliyevin Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda müstəsna xidmtləri olmuşdur. Bu uğurlu siyasətin bu gün də Ulu öndər Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilməsi, şəxsi keyfiyyətləri ilə xalqa və dövlətə xidməti həmişə uca tutması hamılıqla sevinc və razılıq hissi ilə qarşılanır.






