Cəbrayıl rayonunda “23 İyun - Dövlət Qulluqçularının Peşə bayramı günü” qeyd olunub
22 iyun 2024-cü il tarixdə Cəbrayıl rayonunda Dövlət Qulluqçularının Peşə bayramı günü münasibətilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, İcra Hakimiyyəti aparatının əməkdaşları, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayonun Hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştrakçıları Mədəniyyət və İstirahət Parkında Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül-çiçək dəstələri qoyaraq əziz xatirəsini dərin ehtiramla yad edilbər.
Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Dövlət qulluqçularını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyunun Azərbaycanda Dövlət Qulluqçularının Peşə bayramı Günü kimi təsis edildiyini qeyd edərək, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşması və inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğunu, bu gün Respublikamızda dövlət idarəetmə sistemində islahatların uğurla davam etdirildiyini bildirib.
İcra başçısı vurğulayıb ki, Ölkə başçısının bu islahatları qətiyyətlə davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Bu gün tam əminliklə demək olar ki, Respublikamızda müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, vətəndaşların hüquq və azadlıqlarının qorunması və həyata keçirilməsi üçün zəruri təsisatlar yaradılıb. Dövlətin vətəndaşlara göstərdiyi xidmətin keyfiyyəti, ölkə miqyaslı qərarların yerlərdə icrası isə bilavasitə dövlət qulluğunu həyata keçirən şəxslərin peşəkarlıq səviyyəsindən asılıdır. Yalnız yüksək peşəkarlıq, dərin bilik, yaradıcı düşüncə tərzi ilə, ən başlıcası vətənə, xalqa, dövlətə sədaqət hissi ilə bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək mümkündür.