Cəbrayıl rayonunda 2026-cı ilin ilk səyyar görüş-qəbulu keçirilib
16 yanvar 2026-cı il tarixdə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 2026-cı ilin ilk səyyar görüş-qəbulunu Şirvan şəhəri, məcburi köçkünlər üçün salınmış şəhərcikdə keçirib. Qəbulda RİH başçısı aparatının məsul əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulda “Böyük Qayıdışa dair Dövlət Proqramı”na əsasən əhalimizin öz doğma torpaqlarına köçürülməsi, həmçinin ötən il sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə danışan Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlara göstərilən sosial xidmətlər, insanların rifah halının yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən görülən işlərin cari ildə də davam etdiriləcəyini diqqətə çatdırıb.
Görüş zamanı rayon sakinləri onları narahat edən məsələlərlə bağlı suallarını səsləndiriblər. Görüşdə vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll edilib, digərləri isə nəzarətə götürülüb. Qəbulda iştirak edən rayon əhalisi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.






