Cəbrayıl rayonunda “20 Yanvar – Müstəqilliyimizə gedən yol” mövzusunda tədbir keçirilib
17 yanvar 2025-ci il tarixdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Mərkəzi Kitabxanasında “20 Yanvar – Müstəqilliyimizə gedən yol” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Mərkəzi Kitabxana Sisteminin direktoru Vasif Quliyev, mədəniyyət işçiləri və məktəblilər iştirak ediblər.
Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə çıxış edənlər Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilmiş 20 Yanvar hadisələrindən və bu qanlı cinayətin təşkilatçılarından geniş söhbət açıblar. Natiqlər bildiriblər ki, 20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə rəmzi mənası var. İnsanlığa qarşı törədilmiş bu qanlı cinayət xalqımızın döyüş ruhunu, əyilməzliyini və qürurunu nümayiş etdirdi, milli məfkurənin inkişafına təkan verdi. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Tədbir məktəblilərin ifasında vətənpərvərlik ruhunda səslənən şerlərlə və 20 Yanvar hadisələrini əks etdirən qısametrajlı filmin nümayişi ilə davam etdirilib.