Cəbrayıl rayonunda 15 may beynəlxalq ailə günü münasibətilə uzunmüddətli nikahda olan ailələrlə görüş keçirilib
15 may 2024-cü il tarixdə Beynəlxalq Ailə Günü münasibətilə 70 il birgə nikahda olan rayonun Göyərçin Veysəlli kənd sakini, 10 övladı, 20 nəvəsi, 21 nəticəsi olan Mahmudov Nəzir Osman oğlunun və Şahvəlli kənd sakini, 6 övladı, 12 nəvəsi, 14 nəticəsi olan Mustafayev Əli Xəlil oğlunun ailələri ziyarət olunub. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, aparatın məsul əməkdaşları iştirak ediblər.
Gənc nəslə nümunə olan el ağsaqqalları Nəzir Mahmudov və Əli Mustafayev çay süfrəsi arxasında ailə dəyərlərindən, adət-ənənələrimizdən, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunmasından, ailədə sülh və dözümlülük mədəniyyətindən, birgə yaşadıqları ömür yolundan, əmək fəaliyyətlərindən, qazandıqları uğurlardan geniş söhbət açıblar. Ailə başçıları uzunömürlü nikahlarının sirlərini bölüşərək sağlam ailənin təməlinin qarşılıqlı hörmət, nəzakət, həssaslıq, sevgi və səmimi münasibətlərə əsaslandığını qeyd ediblər. Ailə dəyərlərinin qorunub saxlanılmasının və gələcək nəsillərə ötürülməsinin cəmiyyətin hər bir üzvünün müqəddəs borcu olduğunu xüsusi vurğulayıblar.
Ziyarət olunan ailələr göstərilən diqqət və qayğıya görə rayon rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Gənclərimizə örnək olan ailələrimizə uzun ömür və can sağlığı arzu edirik!