Cəbrayıl rayon məhkəməsinin inzibati binasında maarifləndirici seminar keçirilib
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik ili“ elan edilməsi ilə 30 iyul 2025-ci il tarixdə Cəbrayıl Rayon Məhkəməsinin təşkilatçılığı ilə məhkəmənin inzibati binasında maarifləndirici seminar keçirilib.
Tədbirdə Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri Tərlan Nüsrətov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Cəbrayıl Rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri Rövşən Əliyev, məhkəmənin əməkdaşları, “Vahid İsmayılov adına” Cəbrayıl Rayon Çərəkən Kənd Tam Orta Məktəbinin direktoru Arifə Əhmədova və məktəblilər iştirak etmişlər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan məhkəmənin hakimi və sədri Tərlan Nüsrətov tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpası, Konstitusiyanın demokratik mahiyyətini və dövlətçilik tariximizin əhəmiyyəti, ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, məhkəmələrin dövlət quruluşunda yeri və rolu, fəaliyyət istiqaməti və əhəmiyyəti eləcə də qanunvericilik və təcrübə barədə fikirlərini çatdırmışdır.
Tədbirdə çıxış edənlər - Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, “Vahid İsmayılov adına” Cəbrayıl Rayon Çərəkən Kənd Tam Orta Məktəbinin direktoru Arifə Əhmədova və məktəblilər 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər, postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri barədə fikirlərini çatdırmışlar.
Sonda qonaqlar məhkəmənin inzibati binası ilə tanış olmuş, xoş təəssüratlarını bölüşmüş və xatirə şəkli çəkdirmişlər.