Cəbrayıl Rayon İcra Hakimiyyətinin Novruz bayramı təbriki
19 mart 2025 | 10:02
Əziz cəbrayıllılar!
Hörmətli həmvətənlər!
Xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə əziz sandığı Novruz bayramı münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Novruz xalqımızın milli-mənəvi irsini təcəssüm etdirən, tarixi kökümüzü, yaddaşlardan süzülüb gələn ənənələrimizi yaşadan, keçmişimizi və gələcəyimizi bir-biri ilə bağlayan qədim el bayramlarımızdandır. Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini özündə dolğun təcəssüm etdirir. Bu bayramda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.
Bu ilki Novruz bayramı biz cəbrayıllılar üçün xüsusilə yaddaqalan olacaqdır. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin doğma ata-baba yurdumuz olan Cəbrayılda davam etməsi bizdə qürur hissi yaradır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında, işgaldan azad edilmiş digər ərazilər kimi ata-baba yurdumuzda da bütün sosial infrastruktur yenidən qurulur, insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı layihələr həyata keçirilir, dayanıqlı məskunlaşma üçün zəruri şərait yaradılır. Qədim yurd yerlərimizin abadlaşması istiqamətində görülən belə irimiqyaslı işlər sanki, təbiətin yeniləşməsi ilə həmahənglik təşkil edir. Sevindirici haldır ki, şəhidlərimizin qanı bahasına əldə etdiyimiz Zəfərimiz sayəsində sakinlərimiz doğma ata-baba yurdlarına qayıdırlar. Otuz ildən çox erməni işğalçılarının əsarətində olmuş qədim yurd yerimiz olan Cəbrayıl bu günədək respublikamızın müxtəlif bölgələrində məskunlaşan minlərlə sakinini öz qoynuna alıb. İndi doğma ata-baba yurdumuzda Novruz tonqalları alovlanır, bayram əhval-ruhiyyəsi yaşanır. Yurdumuzdan didərgin düşmüş soydaşlarımız el-obalarına qayıdaraq Novruz adət-ənənələrini orada yaşadırlar. Bütün bunlar isə sabaha inamı artırır, Azərbaycanın əsl yüksəliş, tərəqqi yolunda olduğunu bir daha təsdiqləyir.
İnanıram ki, Cəbrayıllılar həmişəki kimi müstəqil Azərbaycanımızın işıqlı sabahı naminə bundan sonra da milli birlik nümayiş etdirəcək, Ölkə Prezidentinin ətrafında sıx birləşəcəklər. Qoy bu bayram öz gəlişi ilə doğma ata–baba yurdumuza, eləcə də bütöv Azərbaycanımıza bol ruzi-bərəkət, firavanlıq, xoşbəxtlik, sülh, əmin-amanlıq gətirsin.
Novruz bayramınız mübarək olsun!
Kamal Həsənov
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı
19 mart 2025-ci il